ELM VƏ TƏHSİL
Elmi-tədqiqat işlərinin hazırlanmasında düzgün metodoloji prinsiplər seçilməlidir
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda tətbiqi siyasi tədqiqatların nəzəri-metodoloji əsaslarına həsr olunan elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlının müvafiq mövzu ilə bağlı məruzəsi dinlənilib. Vurğulanıb ki, müasir siyasi araşdırmaların keyfiyyətini artırmaq üçün tədqiqatçılardan düzgün metodoloji prinsiplərə əsaslanan dərin bilik, geniş dünyagörüşü və təhlil bacarığı tələb olunur. Xüsusilə də ictimai elmlərin tədqiqatçıları elmi-tədqiqat işlərinin hazırlanmasında düzgün metodoloji prinsiplərin seçiminə xüsusi diqqət ayırmalıdırlar.
Tədqiqatların keyfiyyətinin artırılması baxımından faydalı olan seminarda tədbir iştirakçılarının sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.