CƏMİYYƏT
Elsevər Ağayev: Dünyanın heç bir ölkəsində səhiyyənin standart modeli yoxdur
Bakı, 1 iyun, AZƏRTAC
Dünyanın heç bir ölkəsində səhiyyənin standart modeli yoxdur. Azərbaycan da öz modelini seçib və ildən-ilə təkmilləşdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev AŞPA-nın Bakıda keçirilən sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib.
“Biz fəaliyyətimizdə hər zaman Avropa standartlarını örnək götürürük. İnkişaf etmiş Avropa dövlətlərinin təcrübəsini səhiyyə sahəsinə gətirməyə çalışırıq. Ancaq səhiyyə sahəsində yaranıb inkişaf edəndən bəri dünya ölkələri hərəsi öz modelini seçib”,-deyə nazir mavini vurğulayıb.
E.Ağayev qeyd edib ki, son 10 ildə Azərbaycanda 600-dən çox tibb müəssisəsi yenidən qurulub və təmir olunub. Bu illər ərzində kadrların hazırlığı istiqamətində də işlər görülüb. Ölkəmizdə icbari tibbi sığorta pilot layihə olaraq Mingəçevir və Yevlax rayonlarında həyata keçirilir. İcbari tibbi sığortanın 2018-ci ildən bütün ölkədə həyata keçirilməsi nəzərdə tutulub.
Nazir müavini bildirib ki, ana və uşaq ölümlərinin azaldılması istiqamətində ciddi işlər aparılır. Azərbaycanda körpə ölümü artmayıb, əksinə azalıb.