İDMAN
Eltac Səfərli: Məğlubiyyətdən başqa istənilən sonluq yaxşı nəticə idi
Şəmkir, 26 may, Samirə Allahverdiyeva, AZƏRTAC
Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2016” super turnirinin ilk turunda Azərbaycan şahmatçısı Eltac Səfərli Ukrayna təmsilçisi Pavel Elyanov ilə heç-heçə oynayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu partiyadan sonra təəssüratlarını jurnalistlərlə bölüşərkən deyib: “Şəmkir turnirində zəif rəqib yoxdur. Ona görə də heç-heçəni pis nəticə saymaq olmaz. P.Elyanov güclü rəqibdir. Püşkdə bəxtimin gətirmədiyini deyə bilmərəm. Çünki burada zəif şahmatçı yoxdur. İlk tur üçün məqsədim ən azı heç-heçə etmək idi. Məğlubiyyətdən başqa istənilən sonluğu yaxşı nəticə hesab edəcəkdim”.
Oyunun maraqlı olduğunu deyən şahmatçı partiyanın əvvəlində üstünlüyü əldən verdiyini vurğulayıb: “Qarşılaşmanın əvvəlində azacıq üstünlüyə malik olsam da, ardıcıl səhvlərə yol verdim. Partiyanı uduzmağa yaxın idim. Sonra Pavel səhv etdi və mən bir-iki gedişlə qələbənin əsasını qoya bilərdim. Lakin həmin gedişləri tapmaqda çətinlik çəkdim. Heç-heçə pis nəticə deyil. Turnir indi başlayır. Hazırda turnirin həyəcanı davam edir”.
Ukrayna şahmatçısı Pavel Elyanov da “Shamkir Chess 2016” haqqında fikirlərini bölüşərkən deyib: "Təşkilatçılıq yüksək səviyyədədir. Bizim üçün hər cür şərait yaradılıb. Eltac ilə partiya asan olmadı. Ardıcıl səhvlər qələbə qazanmağıma mane oldu”.