İDMAN
Elvin Mürsəliyev: Finalda qarşılaşdığım Türkiyə idmançısı taktikama bələd idi
Bakı, 18 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC
İslam Həmrəyliyi Oyunlarında rəqiblərim - iranlı, qırğızıstanlı və türkiyəli güləşçilər güclü idilər. Bu çəki dərəcəsində biz favorit sayılırdıq. Buna baxmayaraq, bütün rəqiblərimə qalib gələrək birinciliyi əldə etdim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində IV İslam Həmrəyliyi Oyunlarında 75 kiloqram çəki dərəcəsində mübarizə apararaq qızıl medal əldə edən yunan-Roma güləşçisi Elvin Mürsəliyev söyləyib.
Ölkəmizdə keçirilən belə bir mötəbər yarışda qızıl medal qazanmağının sevincini bölüşən idmançı deyib: “Finalda qarşılaşdığım Türkiyə idmançısı taktikama bələd idi. Buna görə o, aktiv mübarizədən yayınırdı. Ancaq sonda onu da məğlub etməyi bacardım. Bundan sonra digər yarışlara - ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinə və dünya çempionatına hazırlaşacağam. İnşallah, həmin yarışlarda da yüksək nəticə göstərəcəyəm”.
Qeyd edək ki, Elvin Mürsəliyev finalda Türkiyə idmançısı Furkan Bayrak üzərində 1:0 hesabı ilə qələbə qazanaraq, millimizin aktivinə 54-cü qızıl medalı yazdırıb.