İQTİSADİYYAT
Emal sənayesində resurs effektivliyi ilə bağlı milli konfrans keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycanda icra olunan Emal Sənayesində Resurs Effektivliyi və Təmiz İstehsalat (RETİ) layihəsi əsasında milli konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və BMT-nin bir sıra ixtisaslaşdırılmış qurumları tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycanda Yaşıl İqtisadiyyat Proqramı (EaP GREEN) çərçivəsində UNIDO “Resurs Effektivliyi və Təmiz İstehsalat” (RETİ) layihəsi həyata keçirilir. EaP GREEN Proqramının milli koordinatoru Rauf Rzayev bildirib ki, məqsəd ölkəmizdə yaşıl iqtisadiyyata keçidə başlanılması üçün dəstəyin göstərilməsidir. Azərbaycan hökuməti tərəfindən proqram üzrə İqtisadiyyat və Sənaye və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfdaş qurumlar kimi müəyyənləşdirilib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq bölməsinin əməkdaşı Pərviz Yusifov yaşıl iqtisadiyyatın ətraf mühitə kənar təsirlərin azalmasına xidmət etdiyini deyib. BMT-nin Sənayenin İnkişafı Təşkilatının Sənayedə Resurs Effektivliyi bölməsinin müdiri Rene Van Berkel isə bu layihə ilə ətraf mühitə dəyən zərərləri mümkün qədər azaltmağı qarşılarına məqsəd qoyduqlarını vurğulayıb.
Konfransda qeyd edilib ki, RETİ qlobal miqyasda təsdiqini tapmış yanaşma olmaqla emal sənayesi və digər sahələrdə fəaliyyət göstərən müəssisələrin məhsuldarlığının artırılmasına və ətraf mühitə olan zərərli təsirlərin azaldılmasına xidmət edir. Azərbaycanda qida, kimya məhsulları və tikinti materiallarının istehsalı üzrə emal sənayesini təmsil edən səkkiz kiçik və orta müəssisədə RETİ metodologiyası üzrə qiymətləndirmə aparılıb, nəticələr məqbuldur. Bu gün proqram üzrə 10 ekspert fəaliyyət göstərir. Qiyməytləndirmə aparılan şirkətlərdən dördü regionlarda – Zaqatala, Balakən, Gəncə və Cəlilabadda yerləşir. Yerdə qalan dörd müəssisə isə Bakı və Bakı ətrafındadır. Bakıda dondurma istehsal edən şirkətdə keçirilən tədbirlər nəticəsində elektrik enerjisinə 1037 manat, su sərfiyyatına isə 84 manat qənaət olunub.
Tədbirdə özəl sektorun maraqları kontekstində Azərbaycanda RETİ yanaşmasının müvafiqliyi və faydaları müzakirə edilib.