MƏDƏNİYYƏT


Emil Əziz: Mən ömrümü incəsənətə həsr etmişəm və sirlərimi bölüşməyə tələsmirəm”

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-da azərbaycanlı rəssam, 1995-ci ildən Türkiyədə yaşayan və orada işləyən Emil Əzizin “Blooming” sərgisi öz qapılarını incəsənət həvəskarlarının üzünə açıb.

AZƏRTAC xəbər verir ki, “Art Bahar” festivalı çərçivəsində keçirilən sərgi “Port Baku Mall” qalereyasında təşkil edilib.

İmpresionist rəssam etiraf edir ki, onun əsas ilham mənbəyi bəşəriyyətin gözəl yarısıdır. Emil öz əsərlərində xüsusi texnikadan istifadə etməklə qadın gözəlliyini, qadın incəliyini təsvir edir. Kolleksiyada istehzalı əsərlər də var. Belə işlərin birində beş gözəl qız, onların arxa fonunda isə saat siferblatı təsvir edilib. Qızlardan birinin əlində saatın sınmış əqrəbi var. Bu, həmin qızın qocalmamaq arzusunu və zamanı dayandırmaq cəhdini bildirir. O birin qızın əlində qum saatı təsvir olunub. Bu saatdan fasiləsiz səpələnən qum get-gedə yuxarı qalxır və qızlar sanki zamanın içində əriyir.

Emil Əziz AZƏRTAC-a müsahibəsində deyib: “Qadın tarix boyu çox müxtəlif rollar oynayıb və oynayacaq. Mən öz rəsmlərimdə bir üçbucaq müəyyən etmişəm: gözəllik – dəb – zaman. Bu üçbucaq əsasında mən silsilə rəsmlər yaratmışam. Mən dahi rəssamlar arasında böyümüşəm. Təbii ki, ali məktəb bitirənlərlə müqayisədə daha çox bilirəm. Gənc rəssamlar tez-tez məndən xahiş edirlər ki, öz iş metodum barədə danışım. Gənc rəssamın gözlərində həmişə belə maraq görürəm. O, rənglər oyununa mənim necə müvəffəq olmağımı bilmir. Amma mən incəsənətə həyatımı həsr etmişəm və sirlərimi bölüşməyə tələsmirəm. Bəzi rəssamlar, o cümlədən mən özüm də biliklərimi bölüşməyi xoşlamıram. Biz fotoqraflardan daha güclü olmalıyıq. Fotoqrafların işi çox mürəkkəbdir. Məsələn, onlar sübh vaxtı dan yerinin ağarmağa başladığı anın şəklini çəkmək üçün saatlarla gözləyirlər. Mən isə bunu gözləmirəm, mən dan yeri mənzərəsini özümün təsəvvür etdiyim kimi yaradıram. Rəssamın işlərində bir qədər mistika, rəng duyumu, kompozisiya, fəlsəfə elementləri olmalıdır. Mən bütün bunları bir tabloda əks etdirməyə çalışıram, boş mənzərələr yaratmaq mənlik deyil”.

Məlumat üçün bildirək ki, UNESCO yanında Beynəlxalq Təsviri İncəsənət Assosiasiyasının üzvü Emil Əzizin əsərləri Parisdə, Praqada, İstanbulda, Dehlidə və Lissabonda təşkil olunmuş sərgilərdə nümayiş etdirilib.

Sərgi mayın 31-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.