Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2017-ci ilin noyabr ayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Emin Sabitoğlunun (Emin Sabit oğlu Mahmudovun) anadan olmasının 80 illiyi tamam olur. 

Emin Sabitoğlu rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi milli-mədəni ənənələr zəminində yüksələn və müasir musiqinin nailiyyətlərindən uğurla bəhrələnərək Azərbaycanın mədəniyyət salnaməsini zənginləşdirən şəxsiyyətlərdəndir. Bəstəkar sözlə nəğmənin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini meydana gətirmiş, çox sayda kinofilmlər və teatr tamaşaları üçün yazdığı yaddaqalan melodiyalarla unudulmaz bədii lövhələr yaratmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli musiqi mədəniyyətinin inkişafına layiqli töhfələr vermiş görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 avqust 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin