ELM VƏ TƏHSİL
“Enago academy” platforması elmi nəşrlərlə bağlı təcrübə və biliklərin yayılmasına xidmət edir
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Enago” şirkətinin qurucusu və icraçı direktoru Şarad Mittal və vitse-prezidenti Raciv Şirke ilə görüş keçirilib.
İTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev görüşün məqsədinin “Enago” şirkəti ilə tanışlıq və qurumun təklif etdiyi xidmətlərdən istifadə ilə bağlı müzakirələrin aparılması olduğunu söyləyib.
R.Şirke şirkətin fəaliyyəti haqqında təqdimatla çıxış edib. Bildirilib ki, 2005-ci ildə əsası qoyulan şirkətin əsas məqsədi elm və təhsil müəssisələrinin əməkdaşlarına elmi əsərlərin nəşrində kömək göstərmək, həmçinin xarici dildə olan nəşrlərlə bağlı dil baryerini aradan qaldırmaqdır. Hazırda bütün elm sahələri, o cümlədən kompüter elmləri və informasiya texnologiyaları üzrə 850-dən çox ekspertin çalışdığı şirkətin baş qərargahı Hindistanda yerləşir və 12 ölkədə ofisi fəaliyyət göstərir.
Şirkətin vitse-prezidenti “Enago academy” adlı biliklər platformasının elmi nəşrlərlə bağlı təcrübə və biliklərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, biliklər platformasına üzvlük tamamilə ödənişsizdir və hər kəs üçün əlyetərlidir.