İQTİSADİYYAT
Energetika naziri Hyustonda Dənizdə Texnologiyalar Konfransında iştirak edir
Vaşinqton, 3 may, AZƏRTAC
Energetika naziri Natiq Əliyev Hyustonda Dənizdə Texnologiyalar Konfransında (Offshore Technologies Conference/OTC 2017) iştirak edir.
Nazirin başçılıq etdiyi nümayəndə heyətinə bir sıra yerli şirkətlərin təmsilçiləri daxildir. Tədbirdə, həmçinin Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iştirak edirlər. Konfrans çərçivəsində nazir Natiq Əliyev Azərbaycan-ABŞ Enerji Forumu və "Xəzər hövzəsində regional inkişaf: Azərbaycan, Qazaxıstan və Türkiyə enerji dəhlizi" mövzusunda seminarda çıxış edərək, ölkəmizin enerji potensialı, bu sahədə əldə etdiyi nailiyyətlər və həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri barədə ətraflı məlumat verib. Nazir, həmçinin hazırda reallaşmaqda olan Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini, onun Avropanın enerji təhlükəsizliyi və diversifikasiyasında iştirakı ilə yanaşı, region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağını vurğulayıb. Eləcə də o, bu layihənin uğurla başa çatdırılmasında ABŞ-ın dəstəyinin vacibliyini qeyd edib. Eyni zamanda, Azərbaycanın enerji resurslarının inkişafı və dünya bazarına çıxarılmasında ABŞ şirkətlərinin rolunu vurğulayan nazir bu sahədə yeni əməkdaşlıq imkanlarından bəhs edib. Bundan başqa N.Əliyev çıxışında neft-qaz sənayesində və yataqların işlənilməsində ölkəmizdə tətbiq edilən müasir texnologiyalardan danışıb, bu xüsusda region həyata keçirilən mürəkkəb layihələrin icrasında daha yeni texnologiyaların mənimsənilməsi üçün bu kimi sərgilərin təşkili və iştirakın faydasını söyləyib.
Səfər zamanı nazir N.Əliyevin, həmçinin ABŞ-ın hökumət rəsmiləri, o cümlədən ticarət nazirinin müavini Kenet Hyat, Hyuston şəhərinin meri Silvester Törner, İxrac-İdxal bankının yüksək vəzifəli nümayəndələri, habelə OTC sərgisində iştirak edən enerji sahəsində aparıcı şirkətlər olan ExxonMobil, BP, KBR, Statoil və digərlərin nümayəndələri ilə görüşləri keçirilib. Qeyd edək ki, OTC sərgi və konfransında 100-dən çox ölkədən ümumilikdə 6000-ə yaxın nümayəndəsi, 100000-dən çox isə ziyarətçı iştirak edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton