İQTİSADİYYAT


“Energetika və Alternativ enerji” sərgisində ABOEMDA-nın stendi ilk dəfə olaraq açıq havada nümayiş etdirilir

Bakı, 2 iyun, AZƏRTAC

Mayın 31-dən iyunun 3-dək Bakı Ekspo Mərkəzində keçirilən XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə paralel enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbir olan VII Xəzər beynəlxalq “Energetika və Alternativ enerji” “Caspian Power 2017” sərgisində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) stendi ilk dəfə olaraq açıq havada nümayiş etdirilir.

ABOEMDA-dan AZƏRTAC-a bildirilib ki, stend soyuducu motoroller, avtosoyuducu yarımqoşqu və günəş izləmə sistemindən ibarətdir. Motoroller və avtosoyuducu yarımqoşqu Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Azalternativenerji” MMC-nin mütəxəssislərinin texniki dəstəyi əsasında “Azgüntex” MMC Günəş texnologiyaları zavodunda “GünMotors” layihəsi çərçivəsində modifikasiya edilmiş və üzərinə günəş panelləri yerləşdirilməklə xüsusi texnologiya ilə hazırlanıb.

Sərgidə nümayiş olunan avadanlıq vasitəsilə uzaq məsafəyə günəş enerjisindən istifadə edilməklə tez xarab olan və yaxud soyuducuda saxlanmasına ehtiyac duyulan məhsulların daşınmasının və saxlanmasının səmərəliliyi artır və ayda 1 ton dizel yanacağına qənaət etməyə imkan verir.

ABOEMDA-nın mütəxəssisləri tərəfindən hazırlanmış və ölkəmizdə ilkə imza atan bu texnologiya sərgi ziyarətçilərinin, o cümlədən İran, Özbəkistan, Türkiyə kimi ölkələrdən gəlmiş nümayəndələrin böyük marağına səbəb olmuşdur. Dövlət Agentliyi nümayiş etdirilən eksponatlar üçün “Ən yaxşı korporativ tərtibata görə” sertifikatı ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.