CƏMİYYƏT


Energetiklər Günü münasibətilə ağacəkmə kampaniyası keçirilib

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən, hər il oktyabrın 20-si ölkəmizdə Energetiklər Günü kimi qeyd edilir.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC-nin kollektivi peşə bayramı münasibətilə “Yaşıllaşdırma Proqramı”na uyğun olaraq, ağacəkmə kampaniyası keçirib. Ağacəkmə kampaniyası Bakının Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasının ərazisində təşkil olunub.

Tədbirdə iştirak edən “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın ekoloji problemlərini həmişə xüsusi diqqətdə saxlayıb, ətraf mühitin mühafizəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirib. Ulu Öndərin uzaqgörən siyasəti, o cümlədən ekologiya sahəsində müəyyən etdiyi strategiya Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

Ölkəmizin ekologiya və biomüxtəlifliyinin mühafizəsi naminə səmərəli fəaliyyət göstərən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bu sahədə böyük uğurlar qazanılıb. IDEA İctimai Birliyi təsis edildiyi gündən həyata keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyası çərçivəsində ölkə ərazisində yüz minlərlə ağac əkilib. Bu proses hazırda da ölkəmizdə uğurla davam edir.

“Azərenerji” ASC tabeliyində olan müəssisələrinin ərazilərinin abadlaşdırılması, yaşıllaşdırılması və digər sahələri əhatə edən “Yaşıllaşdırma Proqramı” tərtib edib. Proqramda ASC-nin tabeliyində olan müəssisələrin yerləşdiyi ərazilərin iqlimi, torpaq quruluşu və s. nəzərə alınmaqla həmin mühitə uyğun və xas olan bitkilər müəyyənləşdirilib, eyni zamanda, bunların əkilməsi üçün yararlı və boş sahələr, həmçinin əkiləcək ağacların sayı dəqiqləşdirilib. “Yaşıllaşdırma Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının təbii iqlim zonalarının temperatur dəyişmələri nəzərə alınaraq, ağacların əkilməsi müddəti müəyyənləşdirilib.

Enegetiklərin yaşıllıqların artırılması istiqamətində ənənəvi tədbirləri “Şimal” ES-lə yanaşı, “Cənub”, “Sumqayıt” elektrik stansiyalarında və “Mingəçevir” Su Elektrik Stansiyasında da təşkil olunub. Tədbir çərçivəsində mövcud yaşıllıqlara qulluq göstərilib, ümumilikdə, 6 mindən çox zeytun, Eldar şamı, çinar ağacı əkilərək onların sahəsi artırılıb. Aqrotexniki qaydalara uyğun, səliqə ilə əkilən tinglərin dibləri bərkidilib və suvarılıb.

Energetika obyektlərində ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək. Ümumilikdə, cari ildə əkiləcək ağacların sayının 20 minə yaxın olacağı gözlənilir.

Xatırladaq ki, “Azərenerji” ASC-də ətraf mühitin yaxşılaşdırılmasına imkan verən texnologiyaların da tətbiqi istiqamətində müvafiq tədbirlər mütəmadi həyata keçirilir. O cümlədən Sumqayıtda istifadəyə verilmiş yeni 525 MVt-lıq “Sumqayıt” elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur. Eyni zamanda, bərpa olunan enerji mənbəyi kimi hidroenergetikanın inkişafı, həmçinin kiçik su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması istiqamətində layihələr həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.