SİYASƏT
Energetiklər ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 20 oktyabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən, hər il oktyabrın 20-də ölkəmizin energetikləri peşə bayramlarını qeyd edirlər.
AZƏRTAC xəbər verir ki, energetiklər bu münasibətlə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.
Sonra energetiklər Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.