İQTİSADİYYAT
Energetiklərə dövlət mükafatları təqdim edilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2016-cı il 19 oktyabr tarixli Sərəncamı ilə Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə Energetika Nazirliyinin “Tərəqqi” medalına layiq görülən əməkdaşlarına mükafatları təqdim olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika naziri Natiq Əliyev “Azərbaycan” İES-in birinci enerji blokunun ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verildiyi tarixin - 20 oktyabrın Prezident İlham Əliyev tərəfindən 2004-cü ildən etibarən ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilməsini bu sahədə çalışan insanların fəaliyyətinə xüsusi diqqətin göstəricisi kimi dəyərləndirib. Bildirib ki, elektroenergetika ölkənin iqtisadi inkişafında əhəmiyyətli yerə malikdir. Hər bir energetik də çalışır ki, əhali və iqtisadiyyatın elektrik enerjisinə tələbatı tam təmin edilsin.
Nazir təltif olunan əməkdaşları təbrik edərək, mükafatları sahiblərinə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Təltif olunanlar aldıqları dövlət mükafatlarını Energetika Nazirliyinin kollektivinin əməyinə verilən qiymət kimi qəbul edərək, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı daim doğruldacaqlarını qeyd ediblər.