İQTİSADİYYAT
Enerji təchizatında uğurlu nəticələr əldə olunub
Bakı, 21 sentyabr, AZƏRTAC
“Azərişıq” ASC -nin fəaliyyəti nəticəsində ölkəmizin bütün rayon mərkəzlərinin, qəsəbə və kəndlərinin enerji təchizatında ciddi dönüş əldə edilib.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, ilk günlərdən başlayaraq yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi-müasir tipli avadanlıqla təchiz edilməsi prosesi öz nəticələrini verməkdədir. Yeni güc mərkəzləri həm görünüşcə əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malik olmaqla yeni, müasir Komplekt Transformator məntəqələridir. Bu işlərlə yanaşı uzun illər istismar olunan agac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzlənir, açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşmüş, heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan (SİB) izolyasiyalı kabellərlə dəyişdirilir. Bu tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir. Qısa müddətdə 7 regional idarəetmə strukturu da formalaşdırılıb və enerji alışı üzrə uçot nöqtələri təhvil alınıb. Bunlar Bakı, Şimal, Şimal-Qərb, Qərb, Cənub, Aran, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı idarələridir.
Yerlərdə əməkdaşların keyfiyyətli xidmət göstərməsi üçün iş şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi tədbirlər görülür. Bu məqsədlə 14 rayonda yeni ofisin tikintisinə başlanılıb. Artıq onlardan yarısı başa çatdırılmaq üzrədir. Yeni ofislərdə işçilərin səmərəli fəaliyyəti üçün bütün texniki şərait yaradılır. İlin sonunadək 14 rayonda yeni ofislər tam tikilib istifadəyə veriləcək. Qarşıdakı illərdə isə bütün rayonlarda yeni tipli ofislər inşa ediləcək.