DÜNYA
“Enigma” makinası hərracda 45 min avroya satılıb
Bakı, 12 iyul, AZƏRTAC
Rumıniyalı bir nəfər çap makinasını 100 avroya sataraq ondan sərfəli şəkildə canını qurtardığını düşünüb. Lakin həmin şəxs çox yanılıb. Lazımsız görünən əşya, sən demə, II Dünya müharibəsi zamanı nasist Almaniyası tərəfindən istifadə olunan şifrələyici “Enigma” makinası imiş.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, antikvar əşya Buxarestdə “Artmark” hərracında 45 min avroya satılıb.
Hərracın meneceri Kristian Qavrilin sözlərinə görə, kolleksiya toplamaqla məşğul olan bir nəfər onu adi çap makinası adı ilə xırdavat bazarından alıb. Həmin şəxs bütün həyatını “Enigma”ya sərf edən kriptoqrafiya professoru olduğu üçün köhnə makinanı çox baha qiymətə sata biləcəyini anlayıb.
“Enigma” vermaxt daxilində yazışmaların kodlaşdırılması üçün əsas vasitə olub. Alman maşını ilə generasiya edilən şifrələrin açılmasında yekun töhfəni britaniyalı riyaziyyatçı Alan Türinq verib. Bəzi hesablamalara görə, onun komandasının işi müharibəni iki ilə qədər qısaldıb.