CƏMİYYƏT


Ensefalosele nadir rastlanan bir anadangəlmə patalogiyadır

Bakı, 8 iyul, AZƏRTAC 

Ensefalosele beyin toxumasının kəllə sümüyündəki bir açıqlıqdan kənara sızmasıdır. Körpənin ana bətnindəki inkişafı zamanı başın arxasındakı və ya önündəki bir açıqlıq nəticəsində bu vəziyyət (ensefalosele) meydana gəlir. Burada, yəni yırtılan kisənin içərisində beyin toxuması varsa, bu hala “ensefalosele” adı verilir. Bəzən yırtılan kisənin içində beyin toxuması olmur, sadəcə beyin zərləri olur, buna isə tibdə “kraniyal meningosel” adı verilir. Sefalosellilərdə beyin onurğailik mayesinin dövranı pozula biləcəyi üçün adətən hidrosefaliyada problemi də ortaya çıxır. Burun içinə və ya burundan bayıra daşacaq qədər irəliləmiş beyin toxumasına “nazal ensefalosele” adı verilir. Ensefalosele nadir rastlanan bir anadangəlmə patalogiyadır. 10 min doğumda 1-5 arası müşahidə olunur.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində həkim-neyrocərrah Elşən Ağabalayev bildirib.

Həkim deyib: “Hamilə qadın üzərində ultrasəs müayinəsi aparılan zaman körpədən kəllə əsasından kənara çıxan bir kütlənin izlənməsi və ya yüksək MS-AFP dəyərləri olduqda ensefaloseledən şübhələr meydana çıxır. Onu da qeyd edim ki, sefalosele xəstəliyi adətən başqa anomaliyalarla yanaşı müşahidə olunur. Əgər kəllə sümüyündən bayıra çıxan kisəcikdə beyin toxuması varsa, bu zaman proqnoz heç də ürəkaçan deyil. Bu tip xəstələrdə 50 faiz hallarda ölüm, digər hallarda isə zehinsəl və nevroloji xəsarətlər olur. Kisəcikdə beyin toxuması yoxdursa proqnoz daha yaxşıdır, hətta düzgün müalicəylə pasiyentin tam sağalma ehtimalı var.

Müalicəsinə gəlincə isə onu qeyd etmək lazımdır ki, ensefaloselenin kiçik olduğu və körpənin heç bir digər ölümcül anomaliyasının olmadığı təqdirdə neyrocərrahi əməliyyatla müalicə mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.