SİYASƏT


“Epoxanın fonunda portret. Vəli Axundov” kitabı Moskvada təqdim olunub

A+ A

Moskva, 12 oktyabr, AZƏRTAC 

Stalinin “şəxsiyyətə pərəstiş”indən sonra “mülayimlik dövrü”, sovet dönəmində Azərbaycanda ilk Novruz bayramı, Bakıda ilk metro stansiyası, Azərbaycan cazının yüksəliş dövrü, sovet Azərbaycanının ilk ziyalı rəhbəri...

Oktyabrın 11-də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Moskvadakı M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının salonunda keçirilən, görkəmli alim, tanınmış dövlət xadimi, akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində “Epoxanın fonunda portret. Vəli Axundov” kitabının təqdimat mərasimində çıxış edənlər bu sözləri ona aid edirdilər.

“Vəli Axundov görkəmli alim, respublikada səhiyyə işinin böyük təşkilatçılarından biri olub. Amma onun xalq qarşısındakı xidmətlərini ölçüyə götürsək, respublikaya rəhbərlik etdiyi zaman gördüyü işlər və xalqa etdiyi xidmətlər səhiyyə sahəsindəki xidmətlərindən qat-qat üstündür”. Gecədə nümayiş olunan “Vəli Axundov. XXI əsrdən baxış” filmində ulu öndər Heydər Əliyevin sələfi barədə dedikləri həm də Vəli Axundovun müdrikliyindən xəbər verir. “Müdriklik isə möhkəm təfəkkür, sözünə və işinə sədaqət deməkdir. Vəli Axundov bu üç prinsipə ömrü boyu sadiq qalıb”, - deyə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova qeyd edib. O, Vəli Axundovun xalqı və dövləti qarşısında xidmətlərindən söz açaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin V.Axundovun 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncamı dövlətimizin tarixi şəxsiyyətlərə verdiyi böyük dəyərin təzahürüdür: “O, bütün ömrünü xalqına həsr etmişdi. Ulu öndər Heydər Əliyev demişdi ki, Vəli Axundov hələ uzun illər dövlət xadimləri və alimlər üçün nümunə olacaq və bu gün Azərbaycan xalqı onu böyük minnətdarlıqla xatırlayır”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ötən əsrin 50-ci illərinin şəxsiyyətə pərəstiş dövründən sonra Azərbaycanda Vəli Axundov kimi ziyalının hakimiyyətə gəlməsini respublikamızın inkişafı üçün mühüm hadisə adlandırıb. Səfir bildirib ki, həmin illər Azərbaycanda qabaqcıl düşüncəli, müasir dünyagörüşlü mədəniyyət xadimlərinin bütöv bir nəsli yetişmişdi. P.Bülbüloğlu V.Axundovla bağlı uşaqlıq xatirələrini də bölüşüb: “Atam Bülbül vəfat edəndə mən hələ çox gənc idim. O zaman Bülbülün tabutunu Azərbaycan Elmlər Akademiyasının binasından çiyinlərində götürənlər arasında Vəli Axundov da var idi. Sonralar Vəli müəllim heç zaman qayğısını ailəmizdən əsirgəməmişdi, mənim təhsil almağımda və formalaşmağımda mühüm rol oynamışdı”. P.Bülbüloğlu dövlətimiz tərəfindən V.Axundovun xatirəsinə göstərilən böyük ehtirama görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Ötən əsrin 60-cı illərində Şuşa rayon partiya komitəsinin birinci katibi işləmiş Arif Ağakişiyev Vəli Axundovun rəhbərliyi altında çalışdığı illəri xatırlayıb, onun Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu bölgəyə xüsusi diqqət və qayğısından danışıb. Şuşada azərbaycanlılarla ermənilər arasında növbəti qarşıdurmadan sonra Vəli Axundovun o zaman Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri işləmiş Heydər Əliyev ilə birlikdə bölgəyə səfərini xatırlayan A.Ağakişiyev bildirib: “Vəli Axundov məni yanına çağıraraq dedi: “Arif, unutma ki, Şuşada azərbaycanlılarla ermənilər arasında qarşıdurmalar baş verir. Burada sabitliyin qorunması vacib məsələdir”.

Sənətşünaslıq namizədi Rauf Fərhadov V.Axundovun adı ilə bağlı illəri Azərbaycanda mədəniyyətin, incəsənətin, cazın, klassik musiqinin, idmanın yüksəliş dövrünün başlanğıcı kimi səciyyələndirib.

Tədbirdə çıxış edənlər xüsusi vurğulayıblar ki, Vəli Axundovun Vətəninə, xalqına sevgisi onun yaxınlarına, doğmalarına, onu əhatə edən hər kəsə sirayət edirdi. Onun hakimiyyəti dövrü sınaqlar, qabaqcıl ideyalar dövrü idi. Vəli Axundov görkəmli alim, ictimai xadim və vətənpərvər idi və müasirlərinin yaddaşında belə də qalacaq.

Tədbirin sonunda V.Axundovun qızı Nigar Axundova atasının xatirəsinə göstərilən diqqətə görə dövlətimizin başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib. O, Bakıda V.Axundovun yubiley tədbirlərinin uğurla keçirildiyini qeyd edərək deyib ki, daha bir tədbirin Rusiya paytaxtında təşkili rəmzi xarakter daşıyır: “Atam Moskvaya tez-tez gələrdi. O zamankı SSRİ-nin rəhbərliyi ilə sıx əlaqədə olurdu. Eyni zamanda, burada çoxlu dostları, həmkarları var idi”.

Gecədə Rusiyanın tanınmış mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.