SİYASƏT


“Equilibrium Global” portalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərini qətlə yetirməsindən yazıb

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 11-də Argentinanın geniş oxucu kütləsinə malik “Equilibrium Global” analitik portalında “Qafqazda faciə: insan hüquqları haradadır?” başlıqlı məqalə dərc olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycan torpaqları kimi tanınan və hazırda Ermənistan tərəfindən işğal olunan ərazilərdə mütəmadi olaraq faciəvi nəticələri olan hadisələr baş verir. İyulun 4-də Ermənistan ordusu tərəfindən dinc əhali atəşə tutulub. Nəticədə mülki əhali arasında ölənlər olub. Məqalədə deyilir: “Anlayırıq ki, belə bir hadisə qınanmalı və onun törədilməsi üçün məsuliyyət daşıyan şəxslərə münasibətdə siyasi nəticələr doğurmalıdır. Ermənistan və Azərbaycan arasındakı münaqişəyə nəzər saldıqda yalnız tərəflərin hüququn aliliyini əsas tutaraq sülhə nail olacağına, belə hadisələrin bir daha təkrarlanmayacağına ümid etmək qalır. Lakin hadisə ilə bağlı hiddətimizi bildirərək özümüzə belə bir sual veririk: bu və digər oxşar hallarda beynəlxalq birliyin insan hüquqlarının qorunması ilə bağlı öhdəliyi haradadır? niyə beynəlxalq birlik Cenevrə konvensiyaları və beynəlxalq humanitar hüququn digər vasitələrinə uyğun olaraq mülki şəxslərin həyatına təminat vermir?”.

Məqalədə, eyni zamanda, cəbhədəki vəziyyət, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaralanması ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhlərinin tam mətni əks olunub. Bildirilib ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənən şəkildə və qəsdən atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsi həlak olub. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşan ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən, həmçinin hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. ATƏT-in Minsk Qrupunun həmsədrləri, beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin, uşaqların qəsdən öldürülməsinə yönələn alçaq və şərəfsiz təxribatlara əl atır.

Məqalənin sonunda xüsusi vurğulanır ki, baş verən hadisə bir daha beynəlxalq hüquqa riayət olunmaması, çoxtərəfli qurumların normalarının sistematik pozulması, beynəlxalq KİV-in Ermənistan-Azərbaycan münaqişəsində mülki şəxslərin həyatlarını itirməsi mövzusuna kifayət qədər yer ayırmaması səbəbləri ilə bağlı suallar yaradır. Son olaraq münaqişənin diplomatik yollarla həllinə ümid ifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.