REGİONLAR
Erkən nikah ailədə bir sıra problemlərə səbəb olur
Naftalan, 30 mart, Rauf Hacıyev, AZƏRTAC
Naftalanda “Erkən nikah və onun fəsadları” mövzusunda keçirilən tədbirdə şəhərin ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri maarifləndiriliblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhər icra hakimiyyətinin, Təhsil Şöbəsinin nümayəndələri, Polis Şöbəsinin əməkdaşları, şəhər xəstəxanasının həkimləri, məktəblərin yuxarı sinif şagirdləri, müəllim kollektivi və valideynlər iştirak ediblər.
Tədbiri açan Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Afət Mustafayeva erkən nikahların baş vermə səbəbləri barədə geniş məlumat verib. Bildirilib ki, erkən nikahların yaranmasında sosial-iqtisadi amillərlə yanaşı, digər səbəblər də mövcuddur. Bu problemə qarşı cəmiyyətin bütövlüklə mübarizə aparmalı olduğunu deyən Afət Mustafayeva qeyd edib ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması sonrakı dövrlərdə ailədə bir sıra problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər, həmçinin digər mənfi hallar müşahidə olunur.
Naftalan şəhər Polis Şöbəsinin əməkdaşı Vasif Quluyev erkən yaşda nikaha daxil olmanın məsuliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Naftalan şəhər Mərkəzi Xəstəxanasının həkimi İlhamə Hüseynova erkən nikahın insan orqanizmində fəsadları barədə çıxış edib.
Tədbirdə digər çıxış edənlər erkən nikahın fəsadlarından danışıblar. Qeyd edilib ki, erkən nikah və onu doğuran digər səbəblərə qarşı mübarizə aparılmalı, xüsusən məktəblilər arasında maarifləndirici tədbirlər təşkil edilməlidir.