REGİONLAR
Erkən nikah uşaqların gələcək həyatında ciddi problemlər yaradır
Ağcabədi, 2 iyul, AZƏRTAC
Ağcabədi mərkəzləşdirilmiş kitabxana sisteminin Cəfərbəyli kənd kitabxana filialında “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və təhsil işçilərinin, fəal oxucuların və kənd sakinlərinin iştirakı ilə keçirilən tədbirdə mərkəzləşdirilmiş kitabxana sisteminin direktor müavini Təranə Məmmədova məruzə ilə çıxış edərək, erkən nikahın doğurduğu fəsadlardan bəhs edib, bu sahədə valideynlərin, ziyalıların üzərinə ciddi məsuliyyət düşdüyünü bildirib.
Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru İradə Allahverdiyeva, mədəniyyət və turizm şöbəsinin müdiri Rza Quliyev və başqaları çıxışlarında cəmiyyətin erkən nikahlara qarşı mübarizə aparmasının vacib olduğunu vurğulayaraq, bu cür tədbirlərin əhalinin maarifləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Çıxışlarda bildirilib ki, erkən nikah həm də uşaqların təhsildən yayınmalarına səbəb olur, nəticədə onlar peşə və ya ixtisas qazana bilmirlər. Bu da onların gələcək həyatında ciddi problemlər yaradır.
Diskussiya şəklində keçirilən tədbir kənd sakinləri tərəfindən maraqla qarşılanıb.