ELM VƏ TƏHSİL


“Erkən yaş təhsili proqramı” mövzusunda təlimlər uğurla reallaşdırılır

Bakı, 13 iyun, AZƏRTAC

Təhsil İnstitutunun təşəbbüsü və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu tərəfindən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Erkən yaş təhsili proqramı” mövzusunda təlimlər keçirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlimin təşkilinin əsas məqsədi erkən yaş dövrü təhsilinə cəlb olunan müəllimlərə qabaqcıl təhsil sistemi, erkən yaş dövründə uşaqların təhsili və onların intellektual, fiziki və emosional inkişafının təmini yolları barədə məlumat verməkdir.

Təlimlər Milli Təhsil İnstitutunun nümayəndəsi Keren Komala Subramaniam tərəfindən aparılır. Kurs çərçivəsində kiçik yaşlı uşaqlarla ünsiyyət bacarıqlarının inkişafı, onlar üçün dərslərin təşkili və digər mövzularda interaktiv sessiyalar da təşkil olunur.

Təlimdə iştirak məqsədilə ibtidai sinif müəllimləri, məktəbəqədər müəssisələrdə çalışan və məktəbəhazırlıq kurslarına cəlb olunan müəllimlər, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və bu təhsil müəssisəsinin nəzdində Pedaqoji Kollecin əməkdaşları seçiliblər.

Qeyd edək ki, Milli Təhsil İnstitutu məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat fəaliyyəti həyata keçirən bu qurum Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayıb. İnstitutun fəaliyyətinin əsas nailiyyətlərindən biri Sinqapurun 2015-ci ildə keçirilmiş PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında dünya üzrə ilk pillədə qərarlaşmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.