QAN YADDAŞI
Erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir
Şəmkir, 31 mart (AZƏRTAC). Şəmkirdə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anma mərasimi rayon mərkəzində ucaldılmış abidənin ziyarəti ilə başlamışdır. Sonra mərasim iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları üstünə gül dəstələri qoymuşlar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Qüdrət Əliyev çıxış edərək 1918-ci ildən indiyədək ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən danışmış, erməni xislətinin nəticəsi olaraq minlərlə azərbaycanlının qətlə yetirildiyini faktlarla diqqətə çatdırmışdır.
Digər çıxış edənlər işğal altındakı Azərbaycan ərazilərinin dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində azad olunacağına əminliklərini bildirmiş və o günün çox da uzaqda olmadığını söyləmişlər.
Sonda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımından bəhs edən sənədli film göstərilmişdir.