QAN YADDAŞI
Erməni millətçilərinin törətdikləri faciələr xalqımızın qan yaddaşında dərin izlər buraxıb
Balakən, 31 mart, AZƏRTAC
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Balakən şəhərində keçirilən tədbirin iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gül-çiçək düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən “dəyirmi masa”da erməni millətçilərinin terror və soyqırımı siyasətinin qanlı fəsadlarının təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başının üstünü qara kabus kimi bürüməklə, əsrlər boyu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxdığı qeyd olunub.
Tədbirdə iki yüz ilə yaxın bir müddətdə ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər, törətdikləri faciələr konkret faktlarla bir daha xatırlanıb, Ermənistanın bu gün də davam edən təcavüzkarlıq siyasəti qətiyyətlə pislənilib, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri önə çəkilib.
Çıxışlarda xüsusi vurğulanıb ki, Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də pislənilir, Azərbaycanın ədalətli mövqeyi beynəlxalq birlik tərəfindən dəstəklənir, müdafiə edilir.