İQTİSADİYYAT
Erməni professor Azərbaycan konyaklarının qızıl medal sertifikatına qol çəkməyə məcbur olub
Bakı, 31 yanvar, AZƏRTAC
“Tovuz” şərab zavodu fəaliyyətini yalnız biznes deyil, eyni zamanda, Azərbaycanı tanıtmaq istiqamətində qurur. Məqsədimiz yalnız gəlir götürmək olsaydı, məhsullarımıza tamamilə başqa adlar verərək daha çox mənfəət əldə edə bilərdik.
Şirkətdən AZƏRTAC-a verilən məlumatda qeyd olunur ki, zavodun “Babək”, “Şah İsmayıl” və digər adlarla istehsal etdiyi konyaklar Fransaya, Almaniyaya, Polşaya, Baltikyanı ölkələrə, Yaponiyaya ixrac olunur. “Ölkəmizin təbliği hazırda bütün sahələr üzrə hərtərəfli şəkildə aparılır. Azərbaycan biznesinin bir təmsilçisi kimi, bizim məqsədimiz də bu elit içki vasitəsilə başqalarının sahib çıxmaq istədiyi adların məhz xalqımıza məxsus olduğunu göstərməkdir. Belə təcrübə dünyada daim mövcud olub. Məsələn, “Napoleon” brendini hamı tanıyır. Ermənilər hətta özlərinə məxsus olmayanları da bu üsulla populyarlaşdırırlar. Belə nümunələr çoxdur. Adla yanaşı, qutuların üzərində məhsullarımızı ixrac etdiyimiz ölkələrin dilində Azərbaycanın tarixi, görkəmli sərkərdələri haqqında məlumat da yerləşdiririk”, - deyə açıqlamada vurğulanır.
Şirkətdən onu da bildiriblər ki, belə adlarla konyaklar 10 ildən artıqdır istehsal olunur, bu seqmentdə öz yerini tutub və sertifikatlara layiq görülüb: “Erməni konyakı mifi yaradılıb ki, guya o, ən yaxşı içkidir. Bizim “Babək”, “Nizami”, “Tovuz”, “Şuşa”, “Qarabağ”, “Sarı gəlin” konyaklarımız Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyası tərəfindən qızıl və gümüş medallara layiq görülüb. Maraqlıdır ki, bu sertifikatlara erməni professor qol çəkməyə məcbur olub. Həmin brendlərimiz Londonda keçirilən müsabiqənin də qızıl medalı ilə mükafatlandırılıb”.
Həmçinin qeyd olunur ki, şirkətin təşəbbüsü ilə “Крепкие спиртные напитки”, “Большая алгокольная энциклопедия” nəşrlərinə Azərbaycan şərabçılığı, tarixi, Qarabağ, Bakı-Tbilisi-Ceyhan haqqında məlumatlar yerləşdirilib. Eləcə də Azərbaycanın üzümçülükdə Ermənistan, Gürcüstan, Moldovadan da öndə olması faktı “Tovuz” şirkətinin etirazlarından sonra ensiklopediyaların sonrakı nəşrlərində əksini tapıb.
“Brendlərimiz Paris, Frankfurt, Moskva, İstanbul, Tokio və bir çox şəhərlərdə keçirilən sərgilərdə “Azərbaycan məhsulu” kimi tanıdılaraq yüksək mükafatlara layiq görülüb. Erməni lobbisinin güclü olduğu Fransa kimi bir ölkədə “Tovuz” şirkətinin məhsulları “Azərbaycan Qafqazın mirvarisidir” loqotipi altında təqdim olunub, Konyak şəhərində sertifikat alıb. Prezident İlham Əliyevin Azərbaycanda ixrac potensiallı məhsulların istehsalının artırılması ilə bağlı tapşırıqları əsasında şirkət məhsullarını xarici bazara çıxarmaqla yanaşı, bu fürsətdən ölkəmizi tanıtmaq üçün geniş istifadə edir. Məqsədimiz yalnız gəlir götürmək olsaydı, məhsullarımıza tamamilə başqa adlar verərək daha çox mənfəət əldə edə bilərdik. Adıçəkilən məhsullarımızın tanıdılması üçün biz illərlə bu seqmentdə mübarizə aparmışıq və ölkəmizin tanıdılması ilə bağlı böyük nəticələr əldə etmişik”, - deyə şirkətdən bildiriblər.