QAN YADDAŞI
“Erməni zindanında səkkiz gün” kitabının təqdimatı olub
Bakı, 7 mart, Elvira Məmmədova, AZƏRTAC
Martın 7-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyində Xocalı soyqırımının canlı şahidi olan rabitəçi Dürdanə Ağayevanın müəllifi olduğu “Erməni zindanında səkkiz gün” kitabının təqdimatı olub.
Kitabı türk dilinə fəlsəfə elmləri doktoru Mais Əlizadə tərcümə edib. Nəşrin “Ön söz” müəllifi isə araşdırmaçı-yazar Aqil Ələsgərlidir. Yaxın gələcəkdə kitabın rus, ingilis və fransız dillərinə də tərcümə olunması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, Xocalı faciəsi şahidlərinin iştirak etdiyi tədbirdə A.Ələsgərli nəşrin əhəmiyyətindən söz açıb. Bildirib ki, müəllifin əsirlikdə yaşadığı dəhşətləri oxucuya çatdıran bu kitabı İstanbulda, türk dilində nəşr olunub. Müəllif bu kitabı yazdığı zaman o ağrı-acıları bir daha yenidən yaşayıb. Kitab artıq Türkiyənin kitab evlərində var və nəşrin bundan sonra müxtəlif dillərdə də çapı nəzərdə tutulur.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, kitabda Xocalı faciəsi zamanı Azərbaycan qadının başına gətirilən dəhşətlərdən söhbət açılsa da, əslində bu nəşr ermənilərin iç üzünü, qəsbkarlığını, vəhşiliyini, qəddarlığını bir daha faktlarla sübut edir, oxucuya çatdırır. Həmçinin, bu nəşr bir daha Xocalıda azərbaycanlılara qarşı törədilmiş qətliamı hər kəsə çatdıracaq.
Vurğulanıb ki, Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi baxımdan qiymətləndirilməsi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bir çox ölkələrdə yüzlərlə könüllü uğurlu tədbirlər həyata keçirir. Kampaniyaya bir töhfə olan bu kitab vasitəsilə də türkdilli ictimaiyyət Xocalıda baş verən hadisələrlə daha da yaxından tanış olacaq və faciənin dünya ictimaiyyətinə çatdırılmasına səy göstərəcək.
Milli Məclisin deputatları Qənirə Paşayeva, Xanhüseyn Kazımlı və başqaları Xocalı soyqırımının dəhşətlərindən söz açıblar və kitab haqqında fikirlərini bölüşüblər. Bildirib ki, xalqımızın başına gətirilən faciələrin şahidi olan və bu ağrı-acıları yaşayan insanların yazdıqları kitabların dünyaya çatdırılmasına hər kəs səy göstərməlidir.
Natiqlər belə kitabların müxtəlif dillərə tərcümə olunaraq dünyada yayılmasının vacibliyini vurğulayıblar.
Sonda müəllif D.Ağayeva erməni vəhşiliyinin iç üzünün açılması, dünyaya tanıdılması məqsədilə Azərbaycan xalqının başına gələn faciəni öz timsalında qələmə aldığını, bu nəşrin gələcək nəsillər üçün mənbə ola biləcəyini qeyd edib.