SİYASƏT
Ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 201 dəfə atəşkəs rejimini pozmuşlar VİDEO
Bakı, 25 yanvar (AZƏRTAC). Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 201 dəfə atəşkəs rejimini pozmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, erməni silahlı bölmələri yanvarın 24-də və 25-də gecə Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycanın Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutmuşlar.
Ermənilər Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tap Qaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.