QAN YADDAŞI
Ermənilər işğalçılıq siyasəti aparırlar
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəb Ədliyyə Nazirliyinin Nəsimi rayon Qeydiyyat şöbəsi ilə birlikdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev ermənilərin işğalçılıq siyasəti apardıqlarını, insanlığa qarşı qanlı cinayətlər törətdiklərini vurğulayıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə düşmənin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdiyi qanlı faciələrdən danışan professor diqqətə çatdırıb ki, bu hadisə zamanı ermənilər 613 nəfər dinc sakini vəhşicəsinə qətlə yetirib, yüzlərlə insanı əsir və girov götürüblər.
Ə.Abdullayev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildiyini bildirib.
Tədbirdə Xocalı sakini, tədqiqatçı–jurnalist Səriyyə Müslümqızının ssenarisi əsasında çəkilmiş Xocalı soyqırımından bəhs edən “Onlar heç vaxt böyüməyəcəklər” adlı sənədli film göstərilib.
Nəsimi rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən Aynur Sabitova Xocalı soyqırımının bəşəri cinayət olduğunu vurğulayıb.
Sonra tələbələrin iştirakı ilə “Qırmızı qar” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.