QAN YADDAŞI
Ermənilər mart soyqırımı ilə indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırıblar
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Azərbaycan Kooperasiya Universitetində (AKU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.
AKU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin prorektoru Fikrət Quliyev ermənilərin Qafqazda törətdikləri qırğınların və soyqırımı aktlarının bir fakta əsaslandığını deyib. Vurğulanıb ki, ermənilər həmişə Azərbaycan torpaqlarında məskunlaşmaq istədiklərini və aborigen xalq olduqlarını təsdiqləməyə çalışıblar. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən dəhşətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaşmaları üçün bir açar olub. Onlar bu vəhşi əməlləri ilə bir növ bu bölgədə yaşamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini reallaşdırıblar. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Bu həm də Azərbaycan xalqının əsrlərboyu üzləşdiyi mərhumiyyətlərə Ulu Öndərin verdiyi əsl tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib. Bu uğurlu siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyıb.
Digər çıxış edənlər də mart qırğınının acı nəticələrindən danışıblar. Bildirilib ki, bu qanlı tarix qısa fasilələrlə bütün XX əsr boyu dönə-dönə təkrarlanıb. İndi o qanlı tarixdən 99 il ötür. Tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü dövlətimiz regionda söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.