CƏMİYYƏT
Ermənilərin Kəlbəcərdə girov götürdükləri həmyerlilərimizlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilib
Bakı, 30 yanvar, Məhərrəm Əlioğlu, AZƏRTAC
Azərbaycan Respublikasının Kəlbəcər rayonunun ərazisində ermənilər tərəfindən əsir götürülmüş həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 30-da Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı keçirilən mətbuat konfransında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində həmyerlilərimizin hüquqlarını müdafiə edəcək Anar Bağırov məlumat verib.
A.Bağırov bildirib ki, qondarma Dağlıq Qarabağ rejimi tərəfindən qurulan “oyuncaq məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi məsələsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəzarətindədir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Hökuməti adından 7 beynəlxalq təşkilata müraciət göndərilib. Bu istiqamətdə atılan ən vacib addımlardan biri də həmyerlilərimizin azad olunması üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətin edilməsidir. Ərizənin qəbul edilməsi və təmin olunması üçün kifayət qədər hüquqi əsaslar vardır.
Diqqətə çatdırılıb ki, ərizədə soydaşlarımızın pozulmuş hüquqları göstərilib. Onlara qarşı tətbiq edilən işgəncə faktları, qeyri-insani rəftarı təsdiqləyən fotolar və digər sübutlar da sənədə əlavə olunub. Həmyerlilərimizin 4-5 ay ərzində tanınmayacaq halda arıqlamaları, məhkəməyə gətirilən zaman onlara qeyri-insani rəftarın göstərilməsi, zor tətbiq olunması beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını göstərir.
Bildirilib ki, adətən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət olunan zaman ərizənin icraata qəbul edilməsi və işə baxılması ilə bağlı digər prosedurlar xeyli vaxt aparır. Bunun qarşısını almaq üçün Avropa Məhkəməsinə müraciət qaydalarının 41-ci maddəsinə uyğun olaraq işə təcili baxılmasının zəruriliyi ərizədə xüsusi qeyd edilib: “Hesab edirəm ki, öz ata-baba yurdlarını, valideynlərinin məzarlarını ziyarət edən insanlara qarşı ermənilər tərəfindən qurulan bu “teatr” sadəcə biabırçılıqdır. Bu “teatr”ı quranlar qanun qarşısında ciddi cavab verməli, məsuliyyətə cəlb olunmalıdırlar”.
Dağlıq Qarabağ ərazisində girov götürülərkən ermənilər tərəfindən öldürülən Həsən Həsənovun yaxın qohumlarının adından da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Ermənistana qarşı şikayət ərizəsi göndərilib.
Mətbuat konfransında Dilqəm Əsgərovun, Şahbaz Quliyev və ermənilər tərəfindən qətlə yetirilən Həsən Həsənovun yaxın qohumları iştirak ediblər.