QAN YADDAŞI
Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər soyqırımı aktıdır
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, mərasim iştirakçıları əvvəlcə Xocalı soyqırımını, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən sərgi ilə tanış olublar. ADPU-nun rektoru, professor Cəfər Cəfərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı erməni silahlı dəstələri tərəfindən törədilən vəhşiliklərin bəşər tarixində misli görünməmiş cinayət aktı olduğunu söyləyib. Bildirib ki, həmin dəhşətli gecədə Xocalı şəhəri tamamilə məhv edilib.
Rektor qeyd edib ki, bu faciəyə ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri vurğulanıb. Diqqətə çatdırılıb ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının uğurla aparılması sayəsində artıq bir sıra ölkələrdə bu faciə soyqırımı aktı kimi tanınır.
Mərasimdə Xocalı soyqırımını əks etdirən videoçarx və tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya göstərilib. Sonda Xocalı soyqırımına həsr olunan yazı müsabiqəsinin qaliblərinə diplomlar verilib.