CƏMİYYƏT
Ermənilərin uydurduqları yalanların özləri tərəfindən ifşasına dair videoçarx hazırlanıb
Bakı, 2 noyabr, AZƏRTAC
Ermənilərin Azərbaycanın əzəli torpağı olan Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə ucaltdıqları abidənin izini itirmək üçün onu məhv etmələri ilə bağlı animasiya filmi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, videoçarx “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Müasir təbliğat üsulu olan 3D qrafikası” layihəsi çərçivəsində hazırlanıb.
Filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, ermənilərin əzəli torpaqlarımıza köçürülməsinin tarixi barədə ətraflı məlumat verilir. Azərbaycanın işğal edilmiş Laçın rayonunda yerləşən “Ağaoğlan” və ermənilərin Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə inşa etdikləri “Marağa-150” abidələrinin elə onların özləri tərəfindən dağıdılması əksini tapıb. Filmin süjet xəttini erməni silahlıları tərəfindən hücuma məruz qalan kiçik qızın sağ qalmaq üçün çəkdiyi əziyyətlər təşkil edir. Animasiya filmi qarlı-çovğunlu havada sərt meşələrdən, ölüm təhlükəsindən xilas olan həmin qızın Azərbaycanın işğal edilmiş ərazilərindəki tarixi abidələrin və məcburi köçkünlərin vəziyyətini əks etdirən fotolara baxması ilə yekunlaşır.
Videoçarxın hazırlanmasında məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri kreativ üsullarla dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.