ELM VƏ TEXNOLOGİYA


Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasətini ifşa edən monoqrafiya təqdim olunub

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində qurumun sədri, akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, əsər haqqında ətraflı məlumatın verən İ.Hacıyev kitabın məziyyətlərindən söz açıb. Vurğulayıb ki, Moskvada çapdan çıxmış monoqrafiyada erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyəti açıqlanır. Yeni nəşr xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan təcavüzün təkzibolunmaz faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

“Erməni iddialarına layiqli cavab verən əsər” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev diqqətə çatdırıb ki, kitab qədim Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması və bu ərazidə erməni dövlətinin yaradılması proseslərinin bütün istiqamətlərinin tədqiqi ilə məşğul olan, təcavüzkar Ermənistan dövlətinin monoetnik ölkəyə çevrilməsinin səbəb və nəticələrini araşdıran, eləcə də Azərbaycan xalqının məruz qaldığı çoxistiqamətli erməni təcavüzü məsələsinə maraq göstərən tədqiqatçılar üçün dəyərli mənbədir. Kitabda toplanmış çoxlu sayda tarixi faktlar, indiki Ermənistan ərazisində mövcud Azərbaycan-türk mənşəli oykonimlərin erməniləşdirilməsinə dair rəsmi sənədlər, müxtəlif arxiv materialları və digər mənbələr əsərin elmi dəyərini daha da artırır. Müasir dövrdə Ermənistan-Azərbaycan münaqişəsi ilə daha yaxından tanış olmaq istəyən hər bir kəsdə real təsəvvür yaradan bu monoqrafiya tariximizdə Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı aparılan tədqiqatların kompleks şəkildə öyrənilməsi işinə sanballı töhfədir.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və həmin elm müəssisəsinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyev və başqaları tariximizin öyrənilməsi baxımından nəşrin əhəmiyyətini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.