SİYASƏT


Ermənipərəst media resurslarının milli ədavət epopeyası

Moskva, 15 dekabr, AZƏRTAC

Belarus Respublikasının İstintaq Komitəsi bir neçə informasiya resursunun müəlliflərini milli ədavəti qızışdırmaqda təqsirləndirib. Belarus İnformasiya Nazirliyinin müraciəti əsasında açılan cinayət işinin fiqurantları “REGNUM”, “LENTA.RU” və “Eurasia Daily” internet resurslarının müəllifləri Yuri Pavlovets, Dmitri Alimkin və Sergey Şiptenkodur. Onlar irqi, milli və dini ədavəti qızışdırmaqda təqsirli bilinirlər. Maraqlıdır ki, hər üç resursun yaranması və fəaliyyəti, sanki ara qızışdırmaq, ekstremizm və milli ədavət yaymaq üçün yaranmış ermənilərin adı ilə bağlıdır.

Belarusun informasiya naziri Liliya Ananiçin BELTA agentliyinə müsahibəsində bildirdiyi kimi, ölkədə ekstremist ruhlu informasiyaların yayılmasının qarşısını almaq, dövlət və ictimai maraqları müdafiə etmək üçün nazirliyin nəzdində informasiya məhsullarını qiymətləndirən ekspert qrupu yaradılıb. Bu qrup adıçəkilən internet resurslarda Belarusun suverenliyini şübhə altına alan, Belarus xalqını, onun tarixini, dilini və mədəniyyətini təhqir edən materialların yerləşdirildiyini aşkarlayıb. Nazirin sözlərinə görə, materiallarda Belarusun guya anti-rusiya siyasətindən bəhs edilir.

Bu məsələdə həlledici nöqtəni isə Dmitri Alimkinin Alla Bron psevdonimi ilə “REGNUM” agentliyində dərc edilmiş “Belarus Ukrayna təcrübəsini əsas götürərək, rus dünyasından xəlvətcə uzaqlaşır. Belarus dili bütün imkanlardan istifadə edib yaşamağa çalışır” ("Беларусь уходит из Русского мира исподтишка, с учетом украинского опыта. Белорусский язык: не мытьем, так катаньем") məqaləsi olub. Məqalə Belarus cəmiyyətində böyük rezonans və narazılıq doğurub. Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Belarus tərəfinin müraciətinə cavabında məqalədəki fikirlərin Rusiya rəhbərliyinin mövqeyini əsla əks etdirmədiyini vurğulayıb.

Bəs bu məsələdə ermənilərin rolu nədən ibarətdir?

Qeyri-dövlət informasiya agentliyi olan “REGNUM” özünün ermənipərəst və anti-azərbaycan mövqeyi ilə daim fərqlənib. Elə təkcə agentliyin Şərq redaksiyasının (şef-redaktorun müavini Sarkis Tsaturyandır) Azərbaycan tarixi və iqtisadiyyatı barədə dərc etdiyi materialları sadalamaq kifayətdir. “REGNUM”un baş redaktoru Modest Kolerov bəzi mənbələrdə həm də “REX” İnformasiya Agentliyinin baş redaktoru və sahibi kimi göstərilir. Ancaq agentliyin özünün saytında yerləşdirilən məlumata görə, “REX”in baş redaktoru Sarkis Tsaturyandır. Modest Kolerov “REGNUM”un yaradıcısı və uzun müddət rəhbəri olsa da, bir ara bu agentlikdən uzaqlaşdırılmışdı. Ancaq necə deyərlər, “müqəddəs” yer boş qalmır” və onun yerini Vigen Akopyan tutmuşdu. Modest Kolerov “REGNUM”a qayıdandan sonra Vigen Akopyan “Eurasia Daily” agentliyinin baş redaktoru təyin olunur. Bu həmin agentlikdir ki, baş direktoru İrina Fedina Dağlıq Qarabağda baş verən aprel hadisələri zamanı Feysbuk səhifəsində yazırdı: “Şokdayam! Burada bizneslə məşğul olmaq, Rusiya vətəndaşlığı almaq, Rusiyadan preferensiyalar tələb etmək və eyni zamanda Qərbə yaltaqlanmaqda fəallıq göstərmək ifrat ermənisayaq mövqedir. Onların mövqeyi belədir – siz bizim əvəzimizə müharibəni udun, Qarabağı bizə verin, Azərbaycanla əlaqələrinizi kəsin, bizə investisiyalar verin, bizim üçün vətəndaşlıq almaq prosedurlarını sadələşdirin və s. Amma bizimlə kiçik tərəfdaş kimi danışmayın, bizi özünüzə bərabər tutun, bizim daxili siyasətimizə qarışmayın”. Görünür, erməni həmkarları ilə gündəlik ünsiyyət İ.Fedinada bu millət haqqında müəyyən doğru rəy yaradıb.

“LENTA.RU” internet nəşrinə gəldikdə isə bu resurs “Rambler & Co” şirkətlər qrupuna daxildir. Şirkətin baş direktorunun birinci müavini Maksim Tadevosyan, icraçı direktoru isə Rafael Abramyandır.

Bütün bu faktları sadalamaqda məqsədimiz Dünya Xəbər Agentliklərinin Bakıda keçirilən konqresində qaldırılan mühüm məsələlərdən birinə - xəbər agentliklərində yalan məlumat yayılmasının, nifaq və ədavət yaradan informasiyaların yerləşdirilməsinin onsuz da təlatümlərlə dolu müasir dövrümüzdə daha böyük risklərə səbəb olması məsələsinin akuallığına diqqəti cəlb etməkdir. Konqresdə qeyd olunmuşdu ki, media tolerantlığı və qarşılıqlı anlaşmanı təbliğ etməklə bu cür təzahürlərlə mübarizə aparmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev konqresin açılışında medianın müasir dövrdə rolu və məsuliyyətindən danışaraq deyib: “Biz bir çox hallarda media tərəfindən işıqlandırılan hadisələrin gərginlik, qan tökülməsi və qarşıdurma yaratdığının şahidi oluruq... Bəzən mediada gördüklərimiz və oxuduqlarımız reallıqdan fərqlənir. Bunu şəxsi təcrübəmdən deyə bilərəm. Əlbəttə, istənilən dövlətin Prezidenti kifayət qədər dəqiq məlumat mənbələrinə malikdir. Ancaq beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər eyni hadisə onun kim tərəfindən təqdim edilməsindən asılı olaraq, bəzən fərqli şəkildə çatdırılır. Bu səbəbdən biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının şahidi oluruq”. Azərbaycan dövlətinin başçısının fikrincə, informasiya təqdimatına müxtəlif siyasi dairələr müdaxilə edir, hadisələrin gedişi müəyyən çərçivəyə salınır, təqdim edilməli olan məsələlər müəyyənləşdirilir, digər mövzular isə qadağan edilir.

Təəssüf ki, Azərbaycan erməni təbliğatının müdaxilə etdiyi media resurslarının hadisələrə bu cür yanaşması ilə qardaş Belarus xalqından çox-çox əvvəl üzləşib. Elə təkcə aprel hadisələri ilə bağlı Rusiya və dünya mətbuatında Azərbaycanın haqq işinə qarayaxmaları nümunə gətirmək kifayətdir. Rusiyanın bəzi telekanallarında və informasiya resurslarında Dağlıq Qarabağ hadisələri birtərəfli işıqlandırılır, tok-şoulara Azərbaycanın nüfuzlu siyasətçiləri, politoloqları, ekspertləri dəvət olunmurdu. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ölkənin kütləvi informasiya vasitələrini tərəfkeşlikdə təqsirləndirərək bildirmişdi ki, bu, jurnalistika deyil, insanlarda bir-birinə qarşı nifrət oyatmaqdır: “Biz uzun illərdir ki, bütün səviyyələrdə tərəflərin mövqelərinin yaxınlaşdırılması ilə məşğul olur, qarşılıqlı anlaşmada yeni səviyyəyə qalxmağa çağırırıq. Bu cür “reportajlar” yolverilməzdir, jurnalistlər belə məqamlarda öz məsuliyyətlərini anlamalıdırlar”.

Dünya xəbər agentliklərinin Bakı Konqresinin yekun bəyannaməsində də iştirakçılar mətbuat azadlığını KİV-lərin fəaliyyətinin əsas prinsipi kimi önə çəkməklə yanaşı, media birliyini yalan və qərəzli informasiya yayımına qarşı hamılıqla mübarizəyə çağırıb, jurnalistikada, xəbər yayımında məsuliyyətin başlıca meyarlardan biri olduğunu önə çəkib. Peşəkar jurnalistikanın iki vacib prinsipi – söz azadlığı ilə məsuliyyət və peşə etikası arasındakı sərhəd olduqca şəffafdır. Kütləvi informasiya məkanına çıxışı olan hər kəs bu sərhədi bəzi media resurslarının erməni havadarları kimi yox, öz milli-mənəvi köklərinə və peşəsinə hörmət əsasında müəyyənləşdirməlidir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.