SİYASƏT
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqların intensivləşdirilməsi məsələsi müzakirə olunub
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövcud status-kvonun qeyri-davamlı və qəbuledilməz olduğu qeyd olunaraq substantiv danışıqlar yolu ilə onun dəyişdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Elmar Məmmədyarov münaqişənin həllində irəliləyişə nail olmaq üçün hazırda danışıqlar masasındakı təkliflərə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu bildirib. O, diqqəti Ermənistanın təmas xəttində törətdiyi son təxribatlara çəkərək Ermənistanın məqsədyönlü şəkildə bu kimi təxribatlar və vəziyyəti gərginləşdirmək yolu ilə danışıqlar prosesini pozmaq siyasətini yürütdüyünü qeyd edib.
Elmar Məmmədyarov Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni əməllər, o cümlədən məskunlaşdırma, maddi-mədəniyyət abidələrinin talan və məhv edilməsi, qanunsuz uçuşların təşkil edilməsi, iqtisadi fəaliyyətin aparılması kimi məsələlərə toxunub. O əlavə edib ki, Ermənistanın işğal olunmuş ərazilərdə həyata keçirdiyi bu kimi qeyri-qanuni əməllər münaqişənin həlli üzrə danışıqlara ciddi maneə olur.
Görüş əsnasında, həmçinin danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.