SİYASƏT
Ermənistan KİV-ləri özünün təbliğat fəaliyyətində hər fürsətdə ən çirkin vasitələrdən belə çəkinmir
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin II katibi Könül Süleymanlı Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Slutskinin son şərhlərinə münasibət bildirib.
K.Süleymanlı deyib: “Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Slutskinin Azərbaycanın Rusiyadakı səfirliyində keçirdiyi mətbuat konfransındakı çıxışı ilə maraqla tanış olduq. O, Ermənistanda olduğu zaman səsləndirdiyi fikirlərin Ermənistan kütləvi informasiya vasitələri tərəfindən təhrif edildiyini və ona aid olmayan ifadələrin yazıldığını qeyd edib. Ermənistan KİV-lərinin bu kimi fəaliyyəti barədə L.Slutski tərəfindən edilmiş etirafı məmnuniyyətlə qeyd edirik. Bu, bir daha onu göstərir ki, Ermənistan KİV-ləri özünün təbliğat fəaliyyətində hər bir fürsətdə ən çirkin vasitələrdən belə çəkinməyərək, şəxs tərəfindən deyilməyən sözləri onun fikirləri kimi qələmə verir.
Ermənistan dövlətinin tam nəzarətində olan Ermənistan KİV-ləri, o cümlədən Rusiya nümayəndələrinə münasibətdə bu cür fəaliyyəti Azərbaycan və Rusiya arasında siyasi münasibətlərə xələl gətirmək məqsədi güdür. Bu çirkin təbliğat eləcə də Azərbaycana qarşı qarayaxma məqsədi daşıyır.
L.Slutskinin ətrafında cərəyan edən hadisələr bir daha ona dəlalət edir ki, xüsusilə, 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı olan əksər qarayaxma kampaniyası əsasən Ermənistan və onun havadarlarından qaynaqlanır.
Beynəlxalq hüquqa zidd destruktiv siyasəti və bu qəbildən olan neqativ fəaliyyəti ilə münaqişənin həllinə mane olmaq əvəzinə, Ermənistanın beynəlxalq ictimaiyyətin israrlı çağırışlarına əməl edərək öz işğalçı qoşunlarını zəbt olunmuş Azərbaycan ərazilərindən çıxarması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verərdi.