SİYASƏT
Ermənistan beynəlxalq hüquq normalarının tələblərini su sahəsində də kobud şəkildə pozur
Bakı, 15 mart, Elvin Camalov, AZƏRTAC
Ermənistan beynəlxalq hüquq normalarının tələblərini su sahəsində də kobud şəkildə pozur.
AZƏRTAC xəbər verir ki, bunu martın 15-də “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında keçirilən I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində təşkil olunan “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktik konfransda "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov deyib.
O bildirib ki, Ermənistanın təcavüzü nəticəsində işğal zonasında qalan Sərsəng su anbarı baxımsız hala düşüb, onun ehtiyatlarından kortəbii və siyasi təhdid vasitəsi kimi istifadə olunur. Bununla bağlı Azərbaycan tərəfi dəfələrə beynəlxalq təşkilatlarda məsələ qaldırıb və narahatlığını ifadə edib. Avropa Şurası Parlament Assambleyasının 26 yanvar 2016-cı il tarixli "Azərbaycanın sərhəd rayonlarının qəsdən sudan məhrum edilmiş sakinləri" adlı qətnaməsində Sərsəng su anbarının, Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə beynəlxalq nəzarətin təmin edilməsi, Ermənistan hakimiyyətindən su resurslarından “siyasi təsir və ya təzyiq aləti kimi” istifadəyə son qoyması kimi tələblər yer alıb.
Qeyd edək ki, Su Həftəsində 40-dək ölkədən Azərbaycana gələn dövlət və özəl qurumları, elmi mərkəzləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Elmi-praktik konfrans Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.