ORDU
Ermənistan döyüş meydanından meyitlərin çıxarılması barədə razılığı pozub VİDEO
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlunun, Nəzərov Şahlar Yaşar oğlunun, Haşımlı Tural Əbdül oğlunun, Qədimov Zülfü Rəhim oğlunun və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.
Eyni zamanda, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib.