DÜNYA
Ermənistan iqtisadiyyatının rəqabətədavamlılıq reytinqi getdikcə aşağı düşür
Fransada güclü erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr edilən “ Ermənistan xəbərləri” jurnalının 13 sentyabr tarixli nömrəsində dərc olunan məqalədə bildirilir ki, 2013-cü ildə ölkə iqtisadiyyatının rəqabət imkanları nəzərəçarpacaq dərəcədə zəifləyib. Buna səbəb dövlət rəsmilərinin korrupsiyaya qurşanması, qanunun aliliyi ilə bağlı problemlərin həllini tapmaması və biznes üçün bərabər şəraitin yaradılmamasıdır.
Məqalədə Beynəlxalq İqtisadi Forumun 2013-cü ilin nəticələrinə görə dünya ölkələrinin iqtisadiyyatının rəqabətədavamlılığı ilə bağlı dərc etdiyi siyahıda Ermənistan 85-ci yeri tutub. 2012-ci ildə 82-ci yerdə gələn Ermənistan ötən il üç pillə geriləyib. Bu isə özlüyündə Ermənistan iqtisadiyyatının ağır və acınacaqlı vəziyyətini bir daha sübut edir.
Forum hər bir ölkənin iqtisadiyyatının rəqabətədavamlılığını əsasən 12 şkala ilə müəyyənləşdirib. Onların arasında əmək bazarı və dövlət təsisatlarının səmərəliliyi, makroiqtisadi sahədə vəziyyət, infrastrukturların keyfiyyəti, təhsil və səhiyyənin innovasiyası mühüm amil kimi götürülüb.
Ermənistanda bu sahələrdə ciddi çatışmazlıqlar və nöqsanlar mövcuddur. Məhkəmə sisteminin müstəqilliyi yarıtmaz vəziyyətdədir, vergilərin toplanmasında korrupsiya halları geniş vüsət alıb, hökumət iqtisadi inhisarçılığa qarşı mübarizə aparmaqda acizdir.
Digər tərəfdən isə Ermənistanda vaxtaşırı hökumət dəyişiklikləri ölkə iqtisadiyyatının tənəzzülə uğramasında ən başlıca amillərdən biri hesab olunur.
Ölkənin maliyyə naziri Karen Çşmaritiyan etiraf edir ki, regional hadisələr Ermənistan iqtisadiyyatının rəqabətədavamlılıq reytinqinin aşağı düşməsində başlıca rol oynayır. Tanınmış iqtisadçı Vaahaq Xaçaturyan isə Ermənistanda rəqabətədavamlılıq probleminin olduğunu və bunların tezliklə həll edilməyəcəyini bildirib.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris