SİYASƏT
Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi cinayət Küveyt mətbuatında geniş işıqlandırılıb
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin qəsdən 80 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində iki nəfərin – nənə və nəvənin həlak olması, bir nəfərin isə yaralanması ilə bağlı Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən təcili olaraq müvafiq Nota hazırlanaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı ilə birgə Küveyt Dövlətinin Xarici İşlər Nazirliyinə, həmçinin ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara göndərilib. Səfir Elxan Qəhrəmanın Ermənistan ordusunun təmas xəttində mülki vətəndaşlara qarşı törətdiyi son vəhşiliklə bağlı müsahibəsi hazırlanaraq ölkədəki bütün ərəb və ingilisdilli kütləvi informasiya vasitələrinə göndərilib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” qəzetinin internet saytında səfir E.Qəhrəmanın “Ermənilərin son təxribatçı hücumu Ermənistanın terrorçu bir dövlət olduğunu sübut edir”, həmçinin “Əl-Cəridə” qəzetinin buraxılışında “Azərbaycan səfiri: Ermənistanın mülki vətəndaşları atəşə tutması beynəlxalq qanunları pozur” sərlövhəli müsahibələri dərc edilib. Həmçinin Küveytin “Elektron xəbərlər” portalında və “Əl-Biləd” agentliyinin saytında səfir Elxan Qəhrəmanın məsələ ilə bağlı müsahibələri yerləşdirilib.
Müsahibələrdə Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində nənə və nəvənin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut etdiyi qeyd olunub. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və yaşlıların olduğu mülki əhaliyə qarşı qəsdən və məqsədli hücumların sistematik xarakter daşıdığı bildirilib. Ermənistanın bu təcavüzkar əməlləri nəticəsində beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavənin, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulduğu vurğulanıb.
Müsahibələrdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfinin mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş təxribatlara əl atdığı oxucuların diqqətinə çatdırılıb, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni mövcudluğunun münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olduğunu Azərbaycan Respublikasının dəfələrlə bəyan etdiyi qeyd olunub.
Həmçinin bildirib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistanın öz qoşunlarını tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını, işğala əsaslanan status-kvonun dəyişdirilməsini tələb etməlidirlər. Müsahibələrdə səfir yaranmış vəziyyətə görə bütün məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.