CƏMİYYƏT


Ermənistan ordusunun təcavüzünə azərbaycanlı uşaqların etirazı VİDEO

Bakı, 14 iyul, AZƏRTAC 

İyulun 14-də Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi erməni hərbçiləri tərəfindən azərbaycanlı uşaqların qətlə yetirilməsi ilə bağlı aksiya keçirib.

AZƏRTAC xəbər verir ki, əllərində Ermənistan hərbiçiləri tərəfindən qətlə yetirilən ikiyaşlı Zəhranın, 9 yaşlı Farizin və 13 yaşlı Aygünün şəkillərini tutan gənclər və uşaqlar “Biz Sülh Elçisiyik! Bizə Qoşulun!”, “Mən Zəhrayam, mənim 2 yaşım var”, “Mən Farizəm, mənim 9 yaşım var”, “Mən Aygünəm, mənim 13 yaşım var” şüarlarını səsləndiriblər.

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri olan gənclər və uşaqlar Ermənistan silahlı qüvvələrinin qətlə yetirdiyi Zəhra, Fariz, Aygün və dünyada silahlı münaqişələrdən əziyyət çəkən bütün uşaqların öldürülməsinin dayandırılmasını, bu ədalətsizliyin qarşısının alınmasını istədiklərini deyiblər.

Şəbəkənin gənc nümayəndəsi Ulya Quliyeva bildirib ki, bu gün keçirilən aksiyada iştirak edən gənclər və uşaqlar olaraq dünyaya öz səsimizi çatdırmaq istəyirik. Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı uşaqlar qətlə yetirilib. Bütün Azərbaycan uşaqları, gəncləri adından dünyaya səslənirik. Bildiririk ki, biz sülh istəyirik.

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvü Günel Rəhimli deyib: “Biz milliyyətindən asılı olmayaraq heç bir uşağın öldürülməsini istəmirik. Biz dünyada sülh şəraitində yaşamaq istəyirik. Arzulayırıq ki, dünyadakı bütün uşaqlar xoşbəxt yaşasın. Axı uşaqların, 2 yaşlı Zəhranın günahı nə idi?”.

“Biz uşaqlar və gənclər adından müraciətimizi dünyaya çatdırmaq istəyirik. Ermənilər tərəfindən qətlə yetirilmiş günahsız uşaqların qanı yerdə qalmasın. Biz hər kəsi uşaqların öldürülməsinə göz yummamağa çağırırıq. Biz sülh və ədalət istəyirik!”, - deyə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvü İlahə Balakişiyeva bildirib.

Aksiya keçirməklə Ermənistan ordusu tərəfindən uşaqların öldürülməsinə son qoyulmasını tələb etdiklərini bildirən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvü Xudiyev Rauf deyib: “Biz istəyirik ki, səsimiz bütün dünyaya yayılsın. Bir çox xalqlar bizə dəstək olsun. Biz sülh istəyirik”.

Aksiyada Azərbaycanın, xüsusilə cəbhənin təmas xəttində məskunlaşan uşaqların və gənclərin adından BMT Baş Katibinin Uşaqlar və Hərbi münaqişələr üzrə xüsusi nümayəndəsi Virginia Qambaya erməni hərbçiləri tərəfindən azərbaycanlı uşaqların qətlə yetirilməsi ilə bağlı müraciət də ünvanlanıb.

Müraciətdə deyilir: “İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndinin hədəflənmiş şəkildə, qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra həlak olub, Quliyeva Səlminaz ağır yaralanıb. Bu hadisə bütün insanları, o cümlədən uşaq və gəncləri sarsıtdı. Biz bu cür qəddarlığı və vandalizmi qəbul edə bilmirik. Zəhraya atılmış atəş bütün Azərbaycan uşaqlarına atılan atəşdir. Təəssüflər olsun ki, Zəhra erməni əsgərləri tərəfindən öldürülən ilk və yeganə mülki şəxs, qurban deyil. Xocalı soyqırımı zamanı 613 insan, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın, 9 yaşlı Fariz Bədəlovun, 13 yaşlı Aygün Şahmalıyevanın, keçən ilin aprel hadisələri zamanı mülki əhalinin və müxtəlif illərdə uşaqların, qadınların, ahılların Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi uzun sürən Ermənistan təcavüzünü bir daha sübut edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.