SİYASƏT


Ermənistan rəhbərliyinin bəyanatları bu ölkənin nəticələrə yönəlmiş müzakirələrdə iştirak etmək niyyətində olmadığını göstərir

Vyana, 11 noyabr, AZƏRTAC

Noyabrın 10-da ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri təşkilatın Daimi Şurasına bir illik fəaliyyətləri ilə bağlı hesabat təqdim ediblər.

Müzakirələrdə çıxış edən Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin prinsipial mövqeyini diqqətə çatdırıb. Azərbaycan tərəfinin bəyanatında qeyd edilib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş müsbət dinamikanın qorunub saxlanmasının vacibliyinə inanır. Bu xüsusda fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin ofisinin genişlənməsinə hazırdır və hesab edir ki, bu genişlənmə ofisin mandatını və fəaliyyət qaydalarını dəyişməməli, mövcud status-kvonun dəyişdirilməsi məqsədilə substantiv danışıqlarla sinxronlaşdırılmalıdır.

Daha sonra bəyanatda bildirilir ki, Ermənistana səfər edən yüksək səviyyəli şəxslərdən narahatlıq doğuracaq siqnallar gəlməkdədir. Ermənistan rəhbərliyinin verdiyi bəyanatlar bu ölkənin nəticələrə yönəlmiş müzakirələrdə iştirak etmək niyyətində olmadığını göstərir. Məzmunlu danışıqları inkişaf etdirmək əvəzinə, Ermənistan tərəfi açıq-aşkar Vyana və Sankt-Peterburq razılaşmalarını və sülh prosesini pozmaq məqsədi güdür. Bu xüsusda Ermənistanın işğal edilmiş ərazilərdə qanunsuz hərbi təlimlər keçirdiyi vurğulanıb, eləcə də həmin ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyəti diqqətə çatdırılıb. Bütün bu təxribat xarakterli fəaliyyətin Ermənistanın əsl niyyətinin qəbuledilməz status-kvonu davam etdirməkdən ibarət olduğunu göstərdiyi vurğulanıb. Təəssüflə bildirilib ki, Ermənistanın danışıqlar prosesinin pozulmasına yönəlmiş bu mövqeyi pislənilmir və Ermənistan bunu öz fəaliyyəti üçün həvəsləndirmə kimi qəbul edir.

Buna görə də Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərini və iştirakçı dövlətlərini Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmaları tam şəkildə icra etməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb. Daimi nümayəndəlik bəyan edib ki, qeyd edilən çətinliklərə baxmayaraq, Azərbaycan münaqişənin ağır nəticələrinin aradan qaldırılmasına imkan verən siyasi həllin tapılmasında ən maraqlı tərəfdir. Azərbaycan son 25 ildə ona qarşı törədilmiş ədalətsizliyin sülh yolu ilə aradan qaldırılmasını gözləyir və danışıqların nəticə verəcəyinə hələ ümid edir.

Bəyanatda qəti şəkildə vurğulanıb ki, münaqişə yalnız Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıq mövzusu və ya kompromis elementi olmayıb və olmayacaq.

Azərbaycan ümid edir ki, həmsədr ölkələrin səyləri ilə keçirilmiş son yüksək səviyyəli görüşlərdə əldə edilmiş müsbət dinamika qorunub saxlanılacaq və status-kvonun dəyişdirilməsi istiqamətində praktik addımlara çevriləcək.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.