SİYASƏT
Ermənistan silahlı birləşmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 41 dəfə pozublar VİDEO
Bakı, 26 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.
Ermənistan ordusunun bölmələri iyulun 25-də və 26-da gecə Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Koxanəbi, Əlibəyli, Hacıalılı və Ağdam kəndlərində yerləşən mövqelərini atəşə tutublar.
Ermənistanın Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndində yerləşən Silahlı Qüvvələrinin mövqeləri gecə saatlarında 21:30-dan 01:50-dək avtomat və iri çaplı silahlardan intensiv atəşə məruz qalıb.
Ermənilər Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Tap Qaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.