SİYASƏT
Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulmuşdur VİDEO
Bakı, 10 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulmuşdur.
Ermənistan ordusunun bölmələri iyulun 9-da və 10-da gecə Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.
Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalmışdır.
Ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Şıxlar, Goranboy rayonunun Tap Qaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.