ORDU
Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub VİDEO
Bakı, 13 oktyabr (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.
Ermənistan silahlı bölmələri oktyabrın 12-də və 13-də gecə Ermənistanın Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərini atəşə tutublar.
Ermənilər Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Ağdam rayonunun Cəvahirli, Mərzili, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açıblar.
Düşmən cavab atəşi ilə susdurulub.