SİYASƏT
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edirlər VİDEO
Bakı, 10 aprel (AZƏRTAC). Ermənistan ordusunun bölmələri aprelin 9-da və 10-da gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tap Qaraqoyunlu, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.