ORDU
Ermənistan silahlı qüvvələrinin bölmələri minaatanlardan istifadə etməklə atəşkəs rejimini 125 dəfə pozub VİDEO
Bakı, 27 may, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (7 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altındakı Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Baş Qərvənd, Cəvahirli, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.