ORDU
Ermənistan silahlı qüvvələrinin təxribat qrupu məhv edilib VİDEO
Bakı, 31 yanvar, AZƏRTAC
Ermənistanın Müdafiə Nazirliyinə istinadən düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 31-də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin və minik avtomobilinin məhv edilməsi barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşmən tərəfi son vaxtlar cəbhədə canlı qüvvə və texnika baxımından verdiyi ağır itkilərin, o cümlədən yanvarın 29-da məhv edilən pilotsuz uçan aparatın əvəzini çıxmaq məqsədilə heç bir uğurlu cavab tədbiri görə bilməməsi səbəbindən əsası olmayan, uydurma məlumatlar yaymaqla məyus erməni xalqını və əsgərini növbəti dəfə aldatmaqla məşğuldur.
Tam fərqli olaraq, yanvarın 31-də saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində düşmən tərəfinin təxribatının qarşısı uğurla alınıb. Təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 hərbi qulluqçusu Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı və görülən qabaqlayıcı tədbirlər nəticəsində məhv edilib.
Təəssüflər olsun ki, yanvarın 31-də saat 12.55 radələrində cəbhənin digər istiqamətində, Xocavənd rayonu ərazisində, Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması və düşmən tərəfindən atılan güllənin rikoşet etməsi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Allahverdiyev Eşqin Rəhim oğlu dayaq məntəqəsində şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir.
Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Silahlı Qüvvələrimizin bölmələri həmişə olduğu kimi, düşmənin istənilən hərəkətinin qarşısı qətiyyətlə almağa və onu məhv etməyə hazırdır.