SİYASƏT
Ermənistan sülhə nail olmaq üçün yaranmış imkandan istifadə etməlidir VİDEO
Vyana, 6 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində son günlərdə baş vermiş gərginliklə bağlı ATƏT-in Daimi Şurasının xüsusi iclas keçirilib.
Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi, səfir Qalib İsrafilov iclasda aparılan müzakirələr və Azərbaycan tərəfinin mövqeyini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb.
O bildirib ki, Daimi Şuranın xüsusi iclasında əksər üzv dövlətlər, eləcə də Minsk qrupunun üzvləri yaranmış vəziyyətlə bağlı təcili olaraq effektiv danışıqların aparılmasına çağırıblar. Biz tərəfdən də Ermənistana çağırış edildi ki, yaranmış imkandan istifadə etsin. İlk növbədə atəşkəsə riayət etsin, ATƏT çərçivəsində qəbul edilmiş sənədlərə, xüsusilə 1994-cü il Budapeşt Sammitinin qərarına uyğun öz öhdəliklərini yerinə yetirsin.
Daimi nümayəndə bildirib ki, bu öhdəliklər münaqişənin sülh yolu ilə həllini mərhələli əsaslarla nəzərdə tutur. İlkin mərhələdə Azərbaycanın işğal olunmuş beş rayonu azad edilir, bunun müqabilində həmin bölgədə bütün nəqliyyat və kommunikasiya xətləri bərpa olunur. İkinci mərhələdə işğal altında olan digər iki rayon azad edilir və bundan sonra məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün müvafiq şəraitin yaradılması tələb olunur.
Səfir bildirib ki, öz torpaqlarına qayıdacaq azərbaycanlı məcburi köçkünlərin təhlükəsizliyini təmin etmək üçün ATƏT-in çoxtərəfli sülhməramlı əməliyyatının keçirilməsi vacibdir. Bu, sülh prosesinin üçüncü mərhələsini təşkil edəcək. Yalnız bundan sonra ATƏT prinsipləri, xüsusilə Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun statusu müəyyənləşməlidir və həmin statusa uyğun olaraq həm öz torpaqlarına geri dönən Azərbaycan icması, həm də erməni icması üçün bərabərhüquqlu və eyni imkanlardan yararlanma imkanı verən status razılaşdırılmalıdır.
Qeyd edilib ki, Daimi Şuranın toplantısında Azərbaycan tərəfi Minsk qrupunun tam tərkibdə iclaslar keçirməsi təklifi ilə çıxış edib. Son illərdə Minsk qrupuna üzv olan digər ölkələr fəaliyyətlərini passiv şəkildə təşkil edərək, yalnız həmsədrlərin fəaliyyətini dəstəkləməklə kifayətlənirdisə, artıq münaqişənin nizamlanması prosesində durğunluq və Ermənistanın cəzasızlıq şəraitində olması tələb edir ki, Minsk qrupu ölkələri, o cümlədən həmsədr dövlətlər səmərəli danışıqlar prosesinə başlasınlar.
Səfir qeyd edib ki, bu danışıqların parametr və elementləri artıq ATƏT sənədlərində öz əksini tapıb və Ermənistan sülhə nail olmaq üçün yaranmış bu imkandan istifadə etməlidir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana