DÜNYA
Ermənistanda demoqrafik böhran daha da dərinləşir
Bakı, 10 oktyabr, AZƏRTAC
Ermənistan demoqrafik böhrandan xilas ola bilmir. Sosial vəziyyətin xeyli ağırlaşdığı işğalçı ölkədə hökm sürən iqtisadi tənəzzül, səfalət vətəndaşların miqrasiyasının artmasına səbəb olub.
UNISEF-in Ermənistan Statistika Xidməti ilə birlikdə apardığı araşdırmadan bəlli olub ki, ölkədə uşaqların 72 faizi pis şəraitdə böyüyür. Bütün bunlar işğalçı ölkədə miqrasiya tempini sürətləndirib.
BMT-nin proqnozlarına görə, yaxın gələcəkdə Ermənistan əhalisi 1,7-1,8 milyon nəfərə qədər azalacaq. BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayretpetyan bildirib ki, hazırda bu ölkənin əhalisi son 10 ildə sürətlə azalıb. Bunun əsas səbəbləri doğum sayının aşağı düşməsi, miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli həddədir.
Ölkədə miqrasiyanın mənfi saldosu ilin 9 ayı ərzində 25 mini keçib. Sosioloq Aram Adıbekyan əhalinin xaricə axınının qarşısını almaq üçün 150 milyard dram vəsait lazım olduğunu açıqlayıb. Bildirib ki, əks təqdirdə miqrasiya ölkədə ən ciddi problem olaraq qalacaq və daha ciddi fəsadlarla nəticələnəcək.