DÜNYA
Ermənistanda etiraz aksiyaları davam edir
Bakı, 30 iyul, AZƏRTAC
Ermənistanda elektrik enerjisi taariflərinin artırılmasına qarşı etirazlar davam edir. Polislə nümayişçilər arasında qarşıdurmanın baş verməsi vəziyyəti bir qədər də gərginləşdirib.
İyulun 27-də Yerevanda yenidən başlayan aksiyalar daha geniş vüsət alıb. “Ayağa qalx, Ermənistan” hərəkatına sadə vətəndaşlar da qoşulub. Polis etirazçıların qarşısını güc tətbiq edərək almağa çalışıb. Əsas meydana buraxılmayan aksiya iştirakçıları küçələri bağlamağa çalışıblar. Polisin etirazçılara mane olması onları daha da qəzəbləndirib. Narazı kütlə avqustun 1-dək elektrik enerjisi taarifləri barədə qərarın ləğvini tələb edir. Bu, baş verməyəcəyi təqdirdə etirazçılar əsas magistral yolları bağlayacaqlarını, oturaq aksiyaya keçəcəklərini deyiblər. Siyasi ekspertlər hadisələrin belə davam edəcəyi təqdirdə Ermənistanda vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırırlar. Etirazçıların irəli sürdükləri sosial tələblərin yerinə yetirilməsi üçün verilən müddət bitmək üzrədir. Hökumət isə geri addım atmayacağını bildirib.